RESOURCES

(I CİLD) Peyğəmbər dövründə qadın azadlığı (Qurani-Kərim ayələri, Buxari və Müslimin “Səhih”lərindəki hədislər əsasında)

Author: Abd Al-Halim Abu Shuqqah

(I CİLD) Peyğəmbər dövründə qadın azadlığı (Qurani-Kərim ayələri, Buxari və Müslimin “Səhih”lərindəki hədislər əsasında)

     İslam dininə görə qadının sosial həyatdakı mövqeyini müəyyənləşdirmək üçün Peyğəmbərin və səhabələrin zamanında qadınların ailə və cəmiyyətdəki rolunu, qadın-kişi münasibətlərini təhlil etmək lazım gələcəkdir. Çünki problemə məhz bu cür yanaşma islamın qadına bəslədiyi həqiqi münasibəti aşkara çıxara bilər. Elə bu səbəbdən biz görkəmli mütəfəkkir Əbdülhəlim əbu Şəqqənin “Peyğəmbər dövründə qadın azadlığı” adlı fundamental əsərini tərcümə etmək qərarına gəldik. Kitabda toplanmış zəngin faktlar həm dinimizin qadına verdiyi misilsiz əhəmiyyəti, həm də bu əhəmiyyətin Peyğəmbər zamanında praktikada isbatlandığını oxucunun diqqətinə çatdırır.

     Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) zamanında qadınlar dini-ictimai həyatda aktiv rol oynayırdılar. Siyasət, hərb və bilik mövzularında kişilərlə yanaşı, öz sözünü demiş qadınlar da vardı. Onlar islam maarifləndirməsi işi ilə məşğul olur, siyasi vasitəçi rolunu oynayır, qəzəvatlarda iştirak edir, yaralılara su verir, yaralarını sarıyırdılar. Belə qadınlara Səfiyyə bint Əbdülmüttəlibi, Ümmi-Əyməni, Ümmi-Sələməni, Fatiməni, Aişəni, Ümeyyə bint Qeysi, Ümmi-Həbibəni, Nüseybə bint Kə`b əl-Ənsarini, Ümmi-Gülsümü, Ümmi-Hanini, Ümmi-Hakimi, Ümmi-Şəriki, Əsma bint əbu Bəkri və başqalarını göstərə bilərik.

     Raşidi xəlifələr dövründə də qadınların sosial fəallığı əvvəlki səviyyəsini qoruyub saxlamışdı. Əbəs yerə deyildir ki, xəlifə Ömər Şəfa bint Abdullahı bazar və ticarət divanına başçı təyin etmişdi.