RESOURCES

Peyğəmbərin həyatı (I cild)

Author: Muhammad al-Ghazali

Peyğəmbərin həyatı (I cild)

Tərcümeyi-hallarını hər kəsin oxuduğu böyük şəxsiyyətlər vardır. İnsanlar bu şəxsiyyətlərin həyat tarixçələrini oxuyurlar ki, dahiliyin ünsürlərindən həzz alsınlar, həyat yollarında onların addımlarını heyranlıqla izləsinlər, çətinlik və müşkül vəziyyətlərdə necə hərəkət etdiklərini özlərinə düstur götürsünlər. Bu mücərrəd mütaliə, bəlkə də, həmin dahilərlə onların həyat hekayələrini oxuyanların arasındakı ən bariz əlaqəni ifadə edir və ola bilsin, həmin əlaqə sonralar hərtərəfli araşdırma və ya sıx humanist münasibətlə əvəzlənsin.

Demək istəyirəm ki, mən böyük missiyanın daşıyıcısı Məhəmməd ibn Abdullah (Ona Allahın xeyir-duası və salamı olsun!) haqqında yazarkən belə dar məzmundan çıxış etmirəm.

Və mən şüurlu müsəlmanam; aləmlərin rəbbi olan Allaha nə üçün iman gətirdiyimi, Məhəmmədin peyğəmbərliyini nə üçün təsdiqlədiyimi, gətirdiyi kitaba nə üçün tabe olduğumu, könlümün iqrar etdiyi şeyə başqa insanları nə üçün çağırdığımı bilirəm.

Bundan əvvəl Peyğəmbərin həyatına dair müxtəlif yazılar qələmə alıb çap etdirmişəm. Ümumiyyətlə, qələmə aldığım yazılarda bu mövzudan uzaqlaşdığım vaxt olubmu?! Əqidə, əxlaq, davranış və hökm mövzularını araşdırdığım kitablarda kontekst və məzmun baxımından Peyğəmbərin həyatına hər zaman istinad etmişəm. Elə isə deyirik:

Bu kitab islam peyğəmbəri ilə qeyri-ənənəvi əlaqəni ifadə etmir; nə də bu kitabda onun həqiqi peyğəmbər olduğunu göstərən dəlillər, müəllifə onun dahiliyi və dəvətinin ülviliyini isbatlayan faktlar toplanmışdır. Bu, başqa mövzudur, yeri gələrsə, haqqında kifayət qədər danışmaq mümkündür. Lakin mən bu kitabı hazırlayarkən qarşıma tam başqa məqsəd qoymuşdum. Allahdan diləyim budur ki, məqsədimə çatmış olum.