RESOURCES

Quranla dialoq: şəxsi təcrübə və düşünməyə çağırış

Author: Taha Jabir Al-Alwani

Quranla dialoq: şəxsi təcrübə və düşünməyə çağırış

     Dialoq bu əsrin səciyyəvi xüsusiyyətidir. Dialoqa çağırış o dərəcədə universallaşıb ki, elmlə məşğul olan bəzi şəxslər dialoqu təkcə vasitə deyil, həm də bir çox problemin həlli hesab edirlər. Hələ erkən əsrlərdən müsəlmanlar Şanlı Quranı bir kənara atıblar. Belə bir kənarlaşdırma çoxsaylı problemlərə aparıb çıxarmış, böhrana səbəb olmuşdur. Bu problemlərin başında ümmətin birliyinin pozulması gəlir.

     Həllin islamda olduğunu bildirən çağırışlar çoxalmışdır: bəziləri islamın qanunvericilik tərəfini qabardır, şəriətin tətbiqinə çağırış edir; bəziləri etiqad məsələlərinə diqqəti çəkir, bəziləri də dində əxlaq mövzusuna üz tutur; elələri də vardır ki, islamın siyasi tərəfinin dirçəldilməsini, şura[1] prinsipi ilə maraqlanmanı daha əhəmiyyətli qəbul edir.

Dialoqa, ictihada, novatorluğa, ümmətin yenidən təsis edilməsinə, birliyinin ikinci dəfə formalaşdırılmasına çağırışda insanlar müxtəlif üsullardan çıxış edirlər. Bununla yanaşı, onlar təsdiq edirlər ki, Qurani-Kərim bu işdə müraciət ediləcək əsas mənbə olmalıdır: islahatçılıqda, novatorluq və ümmətin qurulmasına qayıdışda Quran avtoritet təlimlərə malikdir. Odur ki reallığa nəzər saldıqda görürük ki, dialoq müxtəlif formalarda aparılsa da, əksəriyyəti bu və ya digər şəkildə Quranla əlaqəli biliklər ətrafında yaranmışdır. Amma Quranın özü ilə dialoqun qurulmasına az hallarda cəhd göstərilir. Bu dialoqların əksəriyyəti isə müsəlmanların Şanlı Quranla münasibətlərində baş verənlərə ağlama, yaxud ağlaşma ilə səciyyələnir.