RESOURCES

Şəriətin məqsədləri (Alimlərin nəzərində yeri və təməl məfhumları)

Author: Ramin Vakilov

Şəriətin məqsədləri (Alimlərin nəzərində yeri və təməl məfhumları)

   Dünyada olan bütün hüquq sistemləri müəyyən bir məqsədi və qayəni təmin etmək üçün vardır. Bütün cəmiyyətlərdə hüququn olmasının təməl qayəsi insanların arasında nizamı bərqərar etmək, bir insanın var olduğu cəmiyyətdə təhlükəsiz şəkildə həyatını  və nəslini davam etdirməsini təmin etməkdir. Ərəbcə bir kəlimə olan “hüquq” sözünün “haqq”ın cəmi olduğunu da nəzərə alaraq, deyə  bilərik ki, məqsədlilik və qayəyə xidmət etmək bizim mədəniyyətimizdə inşa edilmiş hüquq sisteminin də əsas ruhu, mayasıdır.  Ölkəmizin də  mədəniyyət hövzəsində əsrlərdir mövcud olan və bu gün də inanclı insanlarımızın həyatına bu və ya digər şəkildə təsir edən İslam hüququ və ya daha geniş mənası ilə Şəriət qanunları ilahi təbiətli məqsəd və qayəyə sahibdir. 

   Lakin fərqli sosial  və ya siyasi səbəblərdən dolayı hüquq tarixinin böyük bir hissəsində şəriətin qayə və hədəflərinin unudulduğu və bunun nəticəsi olaraq da donuq, statik və zamanın dəyişən şərtlərinə cavab verməyən bir fiqh anlayışının geniş yayıldığı da bir həqiqətdir. İslam dünyasında hüquqi məsələlərdə müəyyən kəsir və qüsurların olması məqsəd və qayəsindən uzaq düşmüş fiqh anlayışı ilə bağlıdır. Amma hüquq tarixinin fərqli dövrlərində bu problemi görən, öz əsərlərində İslam Şəriətinin məqsəd və qayəsinin əhəmiyyətini vurğulayan, hətta bu mövzuda müstəqil əsərlər yazan fəqihlər də olmuşdur.  Əbül-Məali əl-Cüveyni (ö. 1085), Əbu Hamid əl-Qəzzali  (ö. 1111), İzz ibn Əbdüssəlam (ö 1262), Qütbəddin Qastalani ( ö. 1287), Şəhabəddin Qərafi, Şəmsəddin İbn Qayyim (ö. 1347), Əbu İshaq Şatibi (ö. 1388) kimi alimlər İslam hüquq metodologiyasında məqasid nəzəriyyəsini əsərlərində işləmiş və elmi əssalarını ortaya qoymuşlar. Lakin adlarını çəkdiyimiz bu alimlərin ortaya qoyduğu nəzəriyyənin və məqasid düşüncələrinin klassik dövrdə hüququn inşasında həlledici rol oynamadığı hər kəsə məlumdur. Ancaq XIX əsrdən sonra İslam aləmindəki dəyişikliklər və İslam hüququndakı axtarışlar məqasid problemini yenidən gündəmə gətirdi. Bu zaman Əbu İshaq Şatibinin “əl-Muvafaqat” adlı əsəri başda olmaqla klassik dövrdə yazılan əsərlər yeni fiqhi görüşlərə təsir etdi.