RESOURCES

Sünnəyə münasibət problemi

Author: Taha Jabir Al-Alwani

Sünnəyə münasibət problemi

     Bu kitabda qarşıya qoyulan məqsəd Sünnə ilə Quran arasındakı əlaqənin dəqiq təsvirini verməkdir. Bir-birindən fərqlənən tarixi şəraitdə fərqli formalarda təzahür edən bu əlaqə müxtəlif biliklərin, təcrübələrin meydana çıxmasına səbəb olmuş, "Peyğəmbər sünnəsi" adlandırdığımız elm və bilik sahələrinə təsir göstərmişdir. Bu işdə erkən və sonrakı nəsillər arasında mövcud olan anlayış, dünyagörüşü və mövqe fərqləri müəyyən qədər rol oynamışdır. Fiqhi məzhəblər, üsulşünaslıq[1] məktəbləri şəraitə uyğun olaraq hədis növlərini müəyyənləşdirmiş, "cərh" və "tədil" qaydalarını təsis etmişdir. Qeyd edək ki, bu qaydalar fiqh, kəlamşünaslıq və üsulşünaslıq meyarlarına uyğun olaraq dəyişir. Nəticədə eyni hədis ya təsdiq, ya da təkzib olunur, başqa hədisə zidd düşdükdə isə yozulur. Bəzi rəvayətçilər haqqında mübahisəli fikirlərin mövcudluğu, hədis mətninin tənqidi meyarlarının müxtəlif məktəblərdə dəyişik olması da problemi mürəkkəbləşdirir.

     İnsanlar hədislər yazıya köçürüldükdən sonra üzərini Qurandan hədislərə çevirdilər. Bəhanələri bu idi ki, hədislər özündə Quranı ehtiva edir. Daha sonra hədislərdən üz çevirib fiqhlə məşğul olmağa başladılar. Bu dəfə də bəhanə gətirdilər ki, fiqh dolayısı ilə Quran və Sünnəni özündə birləşdirir.

Ümid edirik ki, bu kitab Sünnənin və nəqli elmlərin qayğısını çəkənlər arasında mübahisələrə səbəb olmuş məsələlərlə əlaqəli bir çox narahatedici  suallara cavab verəcəkdir.