RESOURCES

TƏFƏKKÜR İSLAM DİNİNİN PSİXOLOGİYA VƏ SPİRİTUALİZM ASPEKTİNDƏN TƏHLİLİ

Author: Malik Badri

TƏFƏKKÜR İSLAM DİNİNİN PSİXOLOGİYA VƏ SPİRİTUALİZM ASPEKTİNDƏN TƏHLİLİ

       Malik Bədri bu möhtəşəm kitabda Qərb psixologiyasında spiritualizm (ruhçuluq) yanaşmalarına qarşı biganəlik məsələsinə toxunur. Bədri iddia edir ki, insanlar ağılın ürək və ruhla əlaqələndirilməsinə səbəb olan təfəkkür kimi çox güclü silah və ideyaya sahibdirlər. Təfəkkür etmək və Allahı düşünməklə bəşəriyyəti bəlaya sürükləyən və “ruhun xəstəliyi” kimi səciyyələndirilən psixoloji problemlərdən uzaq ola bilərik. Müəllif tarixi proseslər, Şərqə aid ənənəvi yanaşmalar və bu cəhətlərin müasir psixologiyada əks olunması da daxil olmaqla təfəkkürlə bağlı bir çox məsələyə toxunmuşdur. Xüsusi olaraq qeyd edilməlidir ki, dərindən fikirləşmək və təhlillər aparmaq İslam ənənəsində təfəkkür səviyyəsinə çatmaq deməkdir. Təfəkkür özünüdərkə yol açır, mənəvi axtarış və ibadətdə Allahı dərk etmə öhdəliyini qabardır. Bir sözlə, kainatı daha aydın formada başa düşməyimizə təkan verir.

     Ümid edirik ki, tutarlı nümunələrlə zəngin olan bu kitab davranış qaydalarını öyrənən elm sahələrinə ciddi töhfə verməklə yanaşı, təqdim olunan ideya və nəzəriyyələrin təhlil edilməsi baxımından mütəxəssislər arasında əməkdaşılığın qurulmasına da təsir edəcək. Onu da qeyd etmək lazımdır ki, hər kəs üçün maraqlı və faydalı mənbə olan bu kitab yalnız mütəxəssislər, alimlər və ziyalı insanlar üçün nəzərdə tutulmamışdır. Bu qiymətli əsər həyatımızın uzun müddətdir yaddan çıxan və biganə qalınan mənəvi ölçüsünün yenidən kəşf edilməsinə də xidmət edir. Kitab müasir dövrün alimləri tərəfindən aparılan təfəkkürlə bağlı tədqiqatlarla  tanış olmaq istəyən hər kəs üçün qələmə alınmışdır.