RESOURCES

Tövhid – islam mədəniyyətinin əsası

Author: Ismail Raji al-Faruqi

Tövhid – islam mədəniyyətinin əsası

Şübhə yox ki, müsəlman mədəniyyətinin əsasını məhz islam əmələ gətirir. İslamın əsasında isə tövhid dayanır. Tövhid Allahın yeganə mütləq yaradıcı, bütün məxluqatın (kainat, təbiət, insanlar...) rəbbi və sahibi olmağına dərin və səmimi imanı ifadə edir.

Bu prinsip konkret olub, islam mədəniyyətinə mənsub, yaxud onun yaradılmasında iştirak edən kimsələrdə şəkk-şübhə oyatmamışdır. Onun haqqında şəkk-şübhəni yaxın keçmişdə xristianlaşdırma hərəkatları və şərqşünaslar yaratmışlar. Müsəlmanlara gəlincə, mədəni səviyyələri nə olursa-olsun, hamılıqda sarsılmaz inamla qəbul etmişlər ki, islam mədəniyyəti əsaslı mədəniyyətdir və bu əsası öyrənmək, təhlil və təsvir etmək mümkündür. Həmin əsas tövhiddir[1]. İslam mədəniyyətinin başlıca prinsipi və əsası olaraq tövhidi təhlil etmək bu kitabçanın mövzusunu əmələ gətirir.

Tövhid elə prinsipdir ki, islam mədəniyyətinə kimlik bəxş edir, onun bütün elementlərini vahid üzvi sistemdə birləşdirir və biz bu sistemi mədəniyyət adlandırırıq. Ayrı-ayrı elementlərin bir yerə cəm edilməsində rol oynayan mədəni əsas – bu məqamda söhbət tövhiddən gedir – həmin elementlərə özünəməxsusluq qazandırır, daha sonra onları digər elementlərlə həmahəng vəziyyətə gətirir. Bu əsas həmin elementləri mütləq şəkildə dəyişmir, əksinə, mədəniyyət yaratmaq üçün onlara forma verir, bu mədəniyyəti təşkil edən yeni xassələr qazandırır. Əsasın müxtəlif elementlərlə və funksiyaları ilə əlaqəsinin dərəcəsinə uyğun olaraq, köklü və cüzi dəyişikliklər baş verir.