RESOURCES

İSLAMDA MƏZHƏBLƏRARASI YAXINLAŞMA KONSEPSİYALARI

Author: Emil Rahimov

İSLAMDA MƏZHƏBLƏRARASI YAXINLAŞMA KONSEPSİYALARI

Azərbaycan xalqı müstəqillik qazandıqdan sonra, ölkədəki tolerantlıq, söz azadlığı və demokratiyadan sui-istifadə edərək, məzhəbi iğtişaşlar və təfriqə yaratmağa çalışanlar tapılmışdır. Təbii ki, belə insanların “fəaliyyət”i milli-mədəni dəyərlərimizə və təfəkkür tərzimizə ziddir. Onlar, həm də məzhəblərin rolunu düzgün qiymətləndirmir, məzhəblərarası fikir ayrılıqlarından qərəzli məqsədlər üçün istifadə edirlər ki, buna da dinimiz icazə vermir.

İslam dünyasının indiki vəziyyəti ilə yaxından tanış olan hər kəsə bəllidir ki,  «vahid islam ümməti» anlayışı faktiki olaraq yalnız sözdədir və quru şüar olaraq səsləndirilir; müsəlman xalqları, müsəlman cəmiyyətləri «ümmətlər»ə bölünüb. Müsəlman cəmiyyətində həqiqi islam dəyərlərinin zəifləməsi və mənəvi böhran bütövlükdə cəmiyyətə, onun ayrı-ayrı sahələrinə sirayət etmiş, inkişafının qarşısını almış, hətta tənəzzül doğurmuşdur. Daxili çəkişmələrdən məharətlə istifadə edən müəyyən dairələr, artıq əsrlərdir ki, bu regionu öz caynağına keçirməyi bacarmış, müsəlman xalqlarını acınacaqlı vəziyyətə düçar etmişlər. Bütün bu proseslərin əsas stimulverici qüvvəsi kimi «Parçala, hökm sür!» siyasəti uğurla həyata keçirilmişdir.

Məhz bu səbəbdən Məhəmmədəmin Rəhimin qələmə aldığı bu kitabın aktuallığı hər şeydən əvvəl həm regional, həm də beynəlxalq islamşünaslıq sahəsində bir sıra məsələləri: məzhəblərin fikir plüralizmindən qaynaqlanmasını, məzhəblərarası fikir müxtəlifliyinin səbəblərini, müasir islam şüurunda məzhəblərarası münasibətlər kontekstində qarşılıqlı anlaşmanın aspektlərini tədqiq etməklə izah edilir.

Kitab, həmçinin, qloballaşan dünyada dini zəmində baş verən mürəkkəb və ziddiyyətli proseslərə münasibət bildirmək baxımından əhəmiyyət kəsb edir. İslam dini-siyasi dünyagörüşü və hərəkatı daxilində birliyin pozulması cəhdlərinin gücləndiyini, məzhəblərarası fikir müxtəlifliyindən təfriqə amilləri kimi istifadə olunmasını nəzərə alaraq, əsər məzhəblərin fəaliyyətinin düzgün təhlilinə, məzhəblərarası rəy müxtəlifliyinin mahiyyətinin açıqlanmasına, məzhəblərarası yaxınlaşmanı gerçəkləşdirə bilən ortaq dəyərlərə və prinsiplərə aydınlıq gətirilməsinə həsr edilmişdir.

Kitab islam vəhdəti naminə çalışanlara doğru yolu göstərə biləcək birlik strategiyasını təqdim etməklə yanaşı, məzhəbçiliyin qurbanı olmuş müsəlmanlar üçün də bir sıra qaranlıq və mübahisəli məqamlara aydınlıq gətirəcəkdir və biz buna inanırıq.

Sonda qeyd etmək istərdik ki, müəllifin qələmə aldığı bu əsər «İdrak» İctimai Birliyi tərəfindən keçirilən «Ən Yaxşı Elmi İş» adlı müsabiqədə qalib gəlmiş və mükafata layiq görülmüşdür.