RESOURCES

İslama görə beynəlxalq münasibətlərin nəzəri əsasları: müsəlman fikri və metodologiyasının yeni istiqamətləri

Author: Abdul Hamid AbuSulayman

İslama görə beynəlxalq münasibətlərin nəzəri əsasları: müsəlman fikri və metodologiyasının yeni istiqamətləri

   Müəllif beynəlxalq münasibətlərə dair islam modelini təqdim etmədən əvvəl ənənəvi islam fikrinin əsas mənbələri haqda danışır, bir-sıra anlayışların (cihad, zimmi, cizyə, darülküfr, darülislam və s.) qeyri-ənənəvi izahına cəhd göstərir. O qeyd edir ki, müasir islam fikrinin bir sıra problemləri, o cümlədən dönüklük, etiqad azadlığı və cizyə məsələləri yeni baxış əsasında izah olunmalıdır.

    Kitabın əhəmiyyəti, həm də ondadır ki, müəllif islam fikrinin indiki dövrdə fəal və səmərəli rol oynaya bilməməyinin gizli səbəblərinə toxunub. O, həm də belə bir suala cavab tapmağa cəhd göstərib: Beynəlxalq münasibətlər sahəsində, sülh, əmin-amanlıq, əməkdaşlıq kimi aktual problemlərə baxışda Qərb fikrinin müvəffəqiyyətsizliyə uğramasından irəli gələn çatışmazlıqları aradan qaldırmada islam fikri nə üçün yeni alternativlər təqdim edə bilməyib?

Metodoloji problemlərdən də söz açan müəllif belə qənaətə gəlir ki, bəzi dini mətnlərin və real şəraitin ya nəzərə alınmamağı, yaxud qərəzli şəkildə izah edilməsi, ya da sırf ibadət məsələlərindən hesab olunması və nəhayət, hər şeyi “nəsx” iddiası ilə ört-basdır etmək cəhdi səhv və kortəbii yanaşmadır.

    Kitabda problemin qeyri-ənənəvi formada qoyulmağı oxucunun diqqətindən qaçmayacaqdır.

    Müəllif göstərir ki, şəriətin məqsədləri və prinsiplərini konkret zamanla, məkanla əlaqəli siyasi şəraitdən fərqləndirmək bir sıra problemləri həll edə bilər. Dövrün tələbləri ilə səsləşən yeni seçim və alternativlərin müəyyənləşdirilməsində tarixi şəraitin yenidən nəzərdən keçirilməsi faydalıdır.

    Kitabda qarşıya qoyulan əsas məqsəd islama görə yeni münasibət modellərinin müəyyən edilməsidir.

Fikrimizcə, bu kitab islam siyasi fikri ilə maraqlanan hər bir mütəxəssis üçün faydalı mənbədir. Diqqətli mütaliə imkan verəcəkdir ki, hörmətli oxucu beynəlxalq münasibətlər probleminə islamın baxışını əks etdirən maraqlı məlumatlarla tanış olsun.