RESOURCES

İSLAM TARİXİNDƏ ÇOXFİKİRLİLİK ƏDƏB-ƏRKANI

Author: Taha Jabir Al-Alwani

İSLAM TARİXİNDƏ ÇOXFİKİRLİLİK ƏDƏB-ƏRKANI

“Allah nə üçün səni qara, bizi isə ağ yaradıb?” – deyə sual verən ağdərili uşağa Afrikadan gəlmiş müdrik qocanın cavabı belə olmuşdu: “Çünki Allah müxtəlifliyi sevir, mənim balam”. Bəli, kainatdakı füsunkarlıq hər nə qədər nizamlı və dəqiq quruluşla əlaqədar olsa da, bu möhtəşəmliyin əsasında bir o qədər də müxtəliflik dayanır. Dünyada hər şey: canlı və cansız təbiət, komponentləri bir-birindən fərqlənir, iyerarxik, həm də çoxnövlü tərtibata əsaslanır; həm çeşidli təsnifat, həm də əks kateqoriyalar varlıq dünyasının zənginliyinə zənginlik qatır, kainatın əsrarəngizliyində İlahi Qələmin qüdrətini izhar etdirir. Maddi və fiziki aləmdə, bu aləmi əmələ gətirən bütün komponentlərdə müxtəliflik olduğu kimi, hadisə və mücərrəd mahiyyətlərdə də eyni hal ümumi qanunauyğunluğun səmərəsi olaraq meydana çıxır. Kainatda məqamı uca tutulmuş insan oğlu öz həmcinslərindən rənginə, dilinə, anatomik quruluşuna... görə fərqləndiyi kimi, düşüncəsinə, əşya və hadisələrə baxış tərzinə görə də fərqlənir. Bu fərqlilik, əslində insan zəkasının mühakimə və təhlil, düşüncə və müşahidə bacarığındakı namütənahiliyi göstərir. Eyni əşya və ya hadisəyə müxtəlif prizmalardan münasibət bildirmək ilk baxışda mexaniki çeşidlilik təsəvvürü bağışlayır, mətləbdən kənarlaşma kimi görünür. Əslində isə bu müxtəliflik ayrı-ayrı detallara dair məlumatların məcmusu olaraq nəzərdən keçirilməlidir. Çünki insanlar bu və ya digər əşyaya, hadisəyə öz prinsipləri əsasında nəzər salır, “görmək” istədiklərini “görürlər”. Birinin prinsipləri digərininkindən fərqləndiyi üçün onun “görmədiyini” başqası “görür”... Məhz bu nöqteyi-nəzərdən müxtəliflik, deməli, detallı yanaşma kompleks təsəvvürün yaranmasında əhəmiyyətli rola malikdir. Bir mahiyyətə dair ayrı-ayrı təsəvvürlər toplandıqda həmin mahiyyətin bütöv təsviri yaranır ki, bunu ümumi fəlsəfədə induksiya adlandırırlar. İnduktiv metod o əşya və hadisələrə müvafiqdir ki, konkretlik ifadə etmir, mücərrədliyin fonunda komponent konstruksiyasına malikdir. Deməli, mücərrəd və mürəkkəb komponent konstruksiyalı mahiyyətlər haqda şaxəli düşünə bilmək inkişafa rəvac verir, tərəqqi yaradır.