RESOURCES

Dini-mədəni islam fikri:tənqidi mülahizələr

Author: Muhammad al-Ghazali

Dini-mədəni islam fikri:tənqidi mülahizələr

Aləmlərin rəbbi olan Allaha həmd olsun! Sonuncu peyğəmbər, böyüyümüz və imamımız Həzrəti Məhəmmədə, ailəsinə, cəmi səhabələrinə və haqq yolla gedənlərə Allahın xeyir-duası və salamı yetişsin!

Bütün sivilizasiyalar kimi Müsəlman sivilizasiyası da tarixin müəyyən mərhələsində inkişafın zirvəsinə çatmış, müəyyən mərhələsində də tənəzzül etmişdir. Vaxt vardı Roma imperiyası (həm də sivilizasiyası) “Bütün yollar Romaya aparır” deyiminin də ifadə etdiyi qüdrət və əzəmətə məst olaraq dünyaya hökm edirdi. Ancaq romalılar bu üstünlüyü qoruyub saxlaya bilmədilər. Sosial-mədəni tənəzzüllə başlanan siyasi çöküş nəticəsində bu qüdrətli imperiya barbarların qolları arasında can verdi. Dövlətin yıxılması ilə Roma mədəniyyəti deyilən şey də yox olub, tarixin qaranlıqlarına qarışdı. Az qala, Hindistanadək uzanan Yunan-ellin mədəniyyəti də eyni aqibəti yaşadı. Bir sözlə, vaxtı ilə Afrikanın şimalından Sakit okeanadək uzanan coğrafiyada dini, mədəni, sosial-siyasi həyatın konturlarını cızan mədəniyyətlər müəyyən vaxtdan sonra öz əhəmiyyətini itirib tarix səhnəsindən silindilər. VII-XI əsrlərdə bu geniş arealda yeni bir sivilizasiya – Müsəlman sivilizasiyası yaranaraq inkişaf etdi. Bu sivilizasiya özü ilə yeni tarix, yeni dəyərlər, yeni mədəniyyət gətirdi. Digər sivilizasiyalardan fərqli olaraq, Müsəlman mədəniyyətinin yaranıb inkişaf etməsində, o vaxtkı dünyanın mövcud mənzərəsini müsbət cəhətdən dəyişməsində stimul kimi din – islam dini çıxış etmişdi. Roma, Fars, Yunan-Ellin və Bizans mədəniyyətləri özlərinin yaranıb yayğınlaşmasında qüdrətli dövlət təsisatına, hərbi ekspansiyalara borcludurlar. Bu sivilizasiyaların kökündə hərbi gücün dayandığını görmək üçün bircə fakta diqqət yetirmək kifayətdir: eyniadlı dövlətlər süqut edən kimi, bu mədəniyyətlər də tənəzzülün məşum kölgəsində yox oldular. Bu sivilizasiyaların qalıqlarına xalqların mədəni-məişət həyat tərzində də olsa rast gələ bilmirik.