RESOURCES

Dialoq və fikir ayrılığı ədəb-ərkanı

Author: Salim Al-Bahnasawy

Dialoq və fikir ayrılığı ədəb-ərkanı

Mərhəmətli və Rəhimli Allahın adı ilə!

 

Dünyada hər şey: canlı və cansız təbiət, komponentləri bir-birindən fərqlənir, iyerarxik, həm də çoxnövlü tərtibata əsaslanır; həm çeşidli təsnifat, həm də əks kateqoriyalar varlıq dünyasının zənginliyinə zənginlik qatır, kainatın əsrarəngizliyində İlahi Qələmin qüdrətini izhar etdirir. Maddi və fiziki aləmdə, bu aləmi əmələ gətirən bütün komponentlərdə müxtəliflik olduğu kimi, hadisə və mücərrəd mahiyyətlərdə də eyni hal ümumi qanunauyğunluğun səmərəsi olaraq meydana çıxır. Kainatda məqamı uca tutulmuş insan oğlu öz həmcinslərindən rənginə, dilinə, anatomik quruluşuna... görə fərqləndiyi kimi, düşüncəsinə, əşya və hadisələrə baxış tərzinə görə də fərqlənir. Bu fərqlilik, əslində insan zəkasının mühakimə və təhlil, düşüncə və müşahidə bacarığındakı namütənahiliyi göstərir. Eyni əşya və ya hadisəyə müxtəlif prizmalardan münasibət bildirmək ilk baxışda mexaniki çeşidlilik təsəvvürü bağışlayır, mətləbdən kənarlaşma kimi görünür. Əslində isə bu müxtəliflik ayrı-ayrı detallara dair məlumatların məcmusu olaraq nəzərdən keçirilməlidir. Çünki insanlar bu və ya digər əşyaya, hadisəyə öz prinsipləri əsasında nəzər salır, “görmək” istədiklərini “görürlər”. Birinin prinsipləri digərininkindən fərqləndiyi üçün onun “görmədiyini” başqası “görür”... Məhz bu nöqteyi-nəzərdən müxtəliflik, deməli, detallı yanaşma kompleks təsəvvürün yaranmasında əhəmiyyətli rola malikdir. Bir mahiyyətə dair ayrı-ayrı təsəvvürlər toplandıqda həmin mahiyyətin bütöv təsviri yaranır. Şaxəli düşünə bilmək inkişafa rəvac verir, tərəqqi yaradır.

Madam ki Allah Təala insanları fərqli zəka və düşüncədə yaratmışdır, deməli, onlar əşya və hadisələrə müxtəlif formalarda münasibət bildirəcəklər. Konkretlik müxtəlif yanaşmalara açıq olmaq xüsusiyyətindən uzaqdır. Mücərrədlikdə isə bunun əksi müşahidə olunur. Mücərrəd və mürəkkəb konstruksiyalı məsələlərdə fərqli mövqelərdən çıxış etmək təbii hal hesab edilməlidir. Çünki bu fərqi mövqelərdə bir-birinə zidd məqamlar deyil, mücərrəd məsələlərin ayrı-ayrı detallarına müvafiq münasibət vardır. Din də müəyyən tərəfləri ilə konkret, müəyyən tərəfləri ilə də mücərrəddir. Əqidə mövzuları (Allahın təkliyi, vəhy və peyğəmbərlik təsisatının mövcudluğu, axirət həyatı, mələklər aləmi...) nə qədər konkretdirsə, fiqh məsələləri bir o qədər mücərrəddir, fərqli izahlara açıqdır.

Biz bu məqamda izaha açıq məsələlərdə müxtəlif mövqelərdən çıxış etmənin islamdakı statusu mövzusuna toxunmaq istəyirik. Mövzu həm aktual, həm də mühümdür. Aktualdır ona görə ki, indiki dövrdə müsəlmanlar arasında müxtəlif fikirliliyə (söhbət təbii ki, izaha açıq dini məsələlər ətrafında yaranmış müxtəlif yanaşmalardan gedir) mənfi münasibət mövcuddur və bu mənfi münasibətin fonunda parçalanma, iman qardaşlığı təsisatının zədələnməsi olduqca qabarıq görünür. Mövzunun mühümlüyü isə ondadır ki, bir sıra əlaqədar məqamlara aydınlıq gətirmək sağlam müzakirə və polemika abı-havası yaradacaq, bununla da, fərqli mövqedən çıxış edən müsəlmanların arasında yaxınlaşma baş verəcəkdir. Çünki düşüncələrdəki müxtəliflik hisslərə təsir etdikdə, qəlblərin müxtəlifliyi – ixtilafı yaranır ki, bu da iman qardaşlığı prinsipinə xələl gətirir.

Müasir dövrdə İslam dünyası bir sıra ciddi problemlərlə üzləşib. Desək ki, ən təhlükəli problemlərdən biri müsəlmanlar arasında mübahisə – polemika ədəb-ərkanının olmamağıdır, yanılmarıq.

Təəssüf ki, müsəlmanlar müəyyən dini məsələlərdə müxtəlif fikirliliyin zəruri hal olmağından xəbərsizdirlər. Nəticədə, mübahisə ədəb-ərkanından kənarda qalmış, bu cür müxtəlif fikirliliyin təbii hal olmağına baxmayaraq, çəkişərək təfriqəyə düşmüşlər. Bu təfriqə nəticəsində yaranmış bir-birinə əks cəbhələrdən hər biri yalnız özünü haqlı sayır, qarşı tərəfi zəlalətdə, küfr və bidətdə ittiham edir. Doğrudan da, bu hal kədər doğurur. Fərqli fikirlərə münasibətdə dözümsüzlük və mübahisə ədəb-ərkanından uzaqlıq, ittiham abı-havası, haqqı söyləmək deyil, qarşı tərəfi əzmək istəyi ümmətin parçalanmasında, səflərin dağılmasında əhəmiyyətli rol oynamışdır. Beləliklə, müxtəlif fikirlər qurmaq əvəzinə dağıtmış, rəhmət əvəzinə fitnə-fəsad olmuşdur. Onu da deyək ki, müxtəlif fikirlərə açıq olmayanlar, fərqli ictihadlar nədir bilməyənlər ancaq bir görüşdən yapışır, başqa rəylərə qulaq vermirlər. Onlar islamı donuq, lal və qanmaz “qaya” olaraq təbliğ edirlər. Sələfi-Salihinin “Rəyimiz doğrudur, amma səhv də çıxa bilər. Onların rəyi səhvdir, amma doğru olması da mümkündür” – fəlsəfəsi bu insanlara yaddır. Onların fəlsəfəsi belə səslənir: “Rəyimiz həmişə doğrudur, əsla səhv çıxa bilməz. Başqalarının rəyi isə həmişə səhvdir, doğru olması qeyri-mümkündür”.

Bəli, indiki dövrdə İslam dünyası çox çətin tarixini yaşayır. Həm daxili, həm də xarici amillərin təsiri ilə müsəlmanlar acınacaqlı vəziyyətdədirlər. Bir tərəfdən, onlar adi məsələlər ətrafında birləşə bilmir, mübahisəyə açıq mövzularda fərqli fikirlərə düşmən kəsilir, digər tərəfdən də, müəyyən xarici qüvvələrin eybəcər müsəlman stereotipi yaratmaq istiqamətindəki yorulmaz fəaliyyətinə laqeyd qalırlar. Təəssüf doğuran haldır ki, belə bir çətin dövrdə müsəlman zehniyyəti mövcud problemləri həll etmək yerinə mübahisə girdabına yuvarlanıb, müdrikliyi və uzaqgörənliyini itirib; kimin dost, kim də düşmən, nəyin haqq, nəyin də yanlış olduğunu fərqləndirə bilməyəcək qədər çarəsiz qalıb. Səbəbi çox sadədir: Fərqli fikirləri həzm edə bilməmək nadanlığının doğurduğu parçalanma və nifrət! Cəhalət və savadsızlıq baş alıb getdikdə, həqiqi alimlərin səsi eşidilmədikdə, meydan gədələrə qaldıqda fikirlərdə təəssübkeşlik yaranır, hər kəs özünü haqlı sayıb güzəştə getmək istəmir. İş o yerə çatıb ki, bəziləri fərqli ictihadlarına görə böyük alimlərə, cəfakeş imamlara “dil uzadır”. Halbuki bu böyük imamlar bizim böyüklərimizdir. Mümkündür ki, qənaətlərində bəzi səhvlər olsun, amma buna baxmayaraq, alimlərə layiq olduqları ehtiramı göstərmək lazımdır. Dövrümüzdə müdriklikdən uzaq, ictihad və fitva elmindən xəbərsiz, şəriətin mahiyyətini tam anlamayan bəzi gənclər səhv davranışları ilə təhlükəli hərc-mərcliklərə səbəb olurlar.

Qeyd edək ki, savadlı və ziyalı mühitlərdə izaha açıq məsələlərə dair müxtəlif fikirlər tərəqqi yaradır. Nadanlığın, savadsızlıq və təəssübkeşliyin at oynatdığı mühitlərdə isə bunun əksinə rast gəlirik – ədəb-ərkandan kənar mübahisələr, höcətləşmə və çəkişmələr nəticəsində meydana çıxmış gerilik və tənəzzül!

Biz, müsəlmanlar mübahisə ədəb-ərkanına, fərqli yanaşmalar zamanı dözümlülük nümayiş etdirməyə möhtacıq. Özümüzə dözümlülük aşılayıb, mübahisə ədəb-ərkanını mənimsəyə bilsək, gərginlik, bədgümanlıq (sui-zənn), təfriqə, ədavət və digər xoşagəlməz təzahürlərdən xilas olacağıq. Bu mənfi təzahürlər, dediyimiz kimi, ümməti parçalayır, dağınıqlığa səbəb olur, birliyə ciddi əngəl törədir. Həzrəti Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) dediyi kimi, bu təzahürlər “...ülgüc kimidir: saçı deyil, dini “qırxır”.

Hər halda, güman etmirik ki, müsəlmanlardan kimsə ülgücün saçı qırxdığı kimi, öz dinini “qırxmaq”dan xoşlansın. Əksinə, hər kəs islamı qoruyub yaşatmağı, birliyi, deməli, Allahın əmrlərinə itaəti arzu edir.

Əgər biz mövcud vəziyyətdən qurtulmaq, Uca Rəbbin razılığını qazanmaq, müsəlmanların bir səfdə birləşməsinə öz töhfəmizi vermək istəyiriksə, ən azından, əcdadımızın – Sələfi-Salihinin tarixinə nəzər salmaq, onların müzakirə və mübahisə ədəb-ərkanını öyrənmək kifayətdir. Kim bu məqsədlə tarixə səyahət edərsə, əliboş qayıtmayacaq, “xurcun”unu lazımi “azuqə” ilə dolduracaqdır. Odur ki bu “səyahət”i asanlaşdırmaq məqsədilə mövzu ilə əlaqəli maraqlı və faktlarla zəngin bir kitabı tərcümə etmək qərarına gəlmişik. Bununla əlaqədar olaraq, indiyədək böyük alim Ustad Yusif əl-Qərdavinin (1926) “Məzhəblərarası problemlər: həlli yolları, on prinsip”, mərhum alim Məhəmməd Qəzalinin (1917-1996) “Məzhəblər haqda yeni söz”, misirli samişünas-alim Məhəmməd Xəlifə Həsənin (1943) “Dialoq mədəniyyəti və metodologiyası”, misirli mütəfəkkir Taha Cabir əl-Ülvaninin (1935) “İslamda tarixində çoxfikirlilik ədəb-ərkanı” kitablarını tərcümə edib nəşr etdirmişik. Bu silsilədə növbəti kitab kimi mərhum professor Salim əl-Bəhnəsavinin (1932-2006) həcmcə kiçik, mənaca dərin “Dialoq və fikir ayrılığı ədəb-ərkanı” əsərini seçmişik. Kitab çox maraqlı və ibrətamiz faktlarla zəngindir. Müəllif kitabında müxtəlif, lakin bir-biri ilə əlaqəli mövzuları cəm etmişdir. O, “ixtilaf” və dialoqun tərifini verir, yanlış fikir sahibləri ilə sakit şəkildə dialoq aparmağın əhəmiyyətindən danışır, islamın dialoq üslubuna toxunur, kafirlikdə günahlandırmanın bu üsluba zidd olduğunu qeyd edir. Kitabda qeyd olunur ki, bəzi insanlar “aldadıcı məsumluq” düşüncəsi ilə hərəkət edir, müzakirə və dialoqa yox deyir, yalnız özlərini “qurtulmuş dəstə”dən hesab edirlər.

 

Peyğəmbərin zamanında, səhabələr arasında meydana çıxmış bəzi fikir ayrılıqlarından misallar gətirən müəllif əsas diqqətimizi bu fikir ayrılıqlarına deyil, bu zaman nümayiş etdirilmiş ədəb-ərkana, əxlaqa yönəldir. Kitabda qarşıya qoyulmuş əsas məqsəd fikir ayrılıqları ilə əlaqəli mühüm suallara cavab verməklə yanaşı, mübahisə və polemika ədəb-ərkanını oxucunun diqqətinə çatdırmaqdır. Odur ki səhabələr, böyük alimlər və imamların bu məsələdə nümayiş etdirdikləri tərbiyəvi, ibrətamiz ədəb-ərkan nümunələrindən kitabda bol-bol iqtibas gətirilib.

Mərhum professor oxucunun diqqətini son dərəcə mühüm məsələyə yönəldir: bu, bir məsələnin mahiyyətini bilmədən onun barəsində ədəb-ərkandan kənar mübahisələrə girməyin doğurduğu ədavət və parçalanmadır. Odur ki o, müxtəlif ayələrin nə üçün nazil olmağı haqda danışır, hədislərin nə mənaya gəldiyini qənaətbəxş müqayisə və izahlarla oxucuya başa salır. Dialoqun əhəmiyyətinə toxunan müəllif bildirir ki, bunun üçün Quranın üslubuna nəzər salmaq kifayətdir. O bildirir ki, Allah Təala Quranda yaratdıqları ilə dialoq aparmışdır. Düşmənləri ilə dialoqda peyğəmbərlərin üslubundan bəhs edən kitabda kafirlərlə, Kitab əhli ilə, İsrailoğulları ilə dialoq formalarından misallar göstərilib. Kitab haqqında çox danışmaq istəmirik, qoy oxucu özü onu mütaliə etsin, yeni və maraqlı faktlarla, məlumatlarla tanış olsun. Mütaliə əsnasında əmin olacaqdır ki, vaxtını hədər etməyib: o, sanballı ədəbiyyatla qarşı-qarşıya olduğunu yəqinliklə anlayacaqdır.

          Ümid edirik ki, əziz oxucu ona təqdim etdiyimiz növbəti kitabımızı mütaliə etməklə islama dair biliklərini genişləndirəcək, bəlkə də, hər gün qarşılaşdığı problemə – mübahisə və polemika abı-havasına düzgün münasibət bildirəcəkdir.

         

Elvüsal Məmmədov