RESOURCES

Bacarıqlar və maneələr prizmasıda İslam düşüncəsinin islahı

Author: Taha Jabir Al-Alwani

Bacarıqlar və maneələr prizmasıda İslam düşüncəsinin islahı

    Aləmlərin rəbbi olan Allaha həmd olsun! Ona şükür edir, Ondan kömək və bağışlanma diləyir, bizi doğru yola yönəltməyini istəyirik. Nəbi və peyğəmbərlərin sonuncusu, Allahın yaratdıqlarının ən safı olan Abdullah oğlu Məhəmmədə salam deyir, xeyir‐dua göndəririk. Allahın salamı və xeyir‐duası onun, ailəsinin və səhabələrinin üzərinə yetişsin!

    Bu kitabın yazılması onun çap edilib cəmiyyətə paylanılması kimi təktərəfli niyyətin nəticəsi deyildir. O, institutun müşavirləri və onun problemləri və qayğılarına şərik olanların mütəmadi olaraq müraciət edəcəyi fəaliyyət xartiyası funksiyasını daşımaqla yanaşı, Ümumdünya İslam Düşüncəsi İnstitutunun kollektivi və institutla əməkdaşlıq edənlərin fəaliyyət kursunun ideoloji əsasını formalaşdırılmasında zəruri olan fikir müştərəkliyinin ifadəsi rolunu oynayır.

    Xatırladım ki, bu kitabda yer alan əsas ideyalar institutun 1989‐cu ilin 4‐10 mart tarixləri arasında çağırılmış konfransda iştirak etmiş mötəbər kollektivinin və onunla əməkdaşlıq edənlərin yararlanması məqsədilə hazırlanmışdı. Konfransın keçirilmə məqsədi isə sözügedən institutun yaradılmasından konfransın keçirilmə tarixinə qədərki dövr ərzində institutun fəaliyyəti prosesi ilə tanış olmaq, ideoloji‐mədəni fəaliyyətin gələcək istiqamətini müəyyənləşdirmək idi.

    Xartiya digər iştirakçı müşavir qardaşlarımızın da marağına səbəb oldu. Orada öz əksini tapmış problemlər müfəssəl şəkildə müzakirə olundu. Belə bir təklif irəli sürüldü ki, xartiyanın mətni konfransda iştirak edə bilməyənlərə göndərilməklə sözügedən problemlərə dair onların da fikirləri, mülahizələri öyrənilsin. Beləliklə, xartiyanın mətni institutla əməkdaşlıq edən alimlərə və professorlara da göndərildi.

    Xartiya ilə həm tanış olan, həm də onun müzakirəsində iştirak edən müsəlman qardaşlarımın çoxu onun ümumi şəkildə nəşrinin zəruriliyini bildirdi. Onlar qeyd edirdilər ki, xartiya yeni istiqamət olub “Məfkurənin islamlaşdırılması: prinsiplər və iş strategiyası” layihəsi üçün mütərəqqi cəhddir. Bu cəhd isə öz növbəsində illərin təcrübəsini və meydanda əməli olaraq əziyyətə qatlaşmanı ifadə edirdi. Bütün bunları nəzərə alaraq, müzakirələr zamanı seçilmiş əsas bəndləri bir araya gətirdik, onlara institutun bir‐neçə müşavirinin yazılı mülahizə və tövsiyələrini əlavə etdik. Ancaq bu işin son variantının hazırlanması professor Ömər Übeyd Həssənəyə qismət oldu; xartiya yenidən gözdən keçirildi, məzmunu sistemləşdirildi,  əlavələr  və bəzi dəyişiklərdən  sonra möhtərəm oxucumuzun indi oxuduğu şəklə düşdü.

    Xartiya bu son variantda ümuma müraciətin bir çox xüsusiyyətini əhatə etsə də özünün ideoloji‐mədəni məziyyətindən tam şəkildə uzaqlaşmayıb. Belə hesab edirik ki, onda öz əksini tapmış ideyalar düçar olduğumuz məfkurə və mədəniyyət böhranından dolayı qayğılanan hər bir kəsi maraqlandırır. Ancaq onun oxunması bir qədər səbir, tərəfsizlik və yeni islam mədəniyyətinin qurulmasında məfkurə və maarifçiliyin əhəmiyyətinin dərkini tələb edir.

    İslam ümmətinin düçar olduğu çətin vəziyyət və müsəlmanları müşayiət edən ağır dövr bəzən düşüncə problemləri ilə maraqlanmağa mane olur. Çünki məfkurə böhranının aradan qaldırılması təsiri uzun müddət davam edən dərman rolunu oynaya bilər. Ancaq ruhi düşkünlük və uğursuzluğun davam etməsi, təhqir və alçaldılma hisslərindən uzaqlaşa bilməmə belə bir acı həqiqətin ifadəsinə səbəb olur: əgər bu ümmətin əqidəsi düzəlsəydi, düşüncə tərzi yaxşılaşsaydı, azad iradə öz sözünü desəydi, fərdləri lazımi şəkildə yetişdirilsəydi, ümmət özünün tam azadlığından istifadə etsəydi, bütün olanlar onun başına gələrdimi, “şeytanlar” vaxtaşırı olaraq onu yığdıqlarını vurub dağıtmağa və yenidən hər şeyi təzədən qurmağa məcbur edə bilərdilərmi?!

    Əgər düşüncə böhranın cəmiyyətdə ayaq tutub yeriməsi və mədəni mənlik və qardaşlıq vəhdətinin aradan qalxması baş verməsəydi, bu ümmət, düşmənlərinin də əli olduğu bu qorxulu tənəzzülə tuş gələrdimi?!

    İslam ümmətinin düşüncə islahatına, mədəni canlanmaya və maariflənmə mədəniyyətinə olan ehtiyacı onun yeməyə və havaya olan ehtiyacından daha böyükdür. Çox güman ki, bu kitabda, Allahın köməyi ilə məlum problemin həllinə cəhd göstəriləcəkdir.

    Qoy, Allah hamıya Onu sevindirəcək, razı salacaq işlər görmək müvəffəq eyləsin! Uca Rəbb ümmətimizə sınaqları adlamaqda, yaralarına əlac tapmaqda, sağaltmaqda kömək olsun! Həqiqətən, O, hər şeyi eşidən və cavablandırandır!