RESOURCES

Elm-din münasibətləri müstəvisində "bioetika": Sosial-psixoloji faktorlar və islami yanaşma

Author: Bazirgan Verdiyev

Elm-din münasibətləri müstəvisində "bioetika": Sosial-psixoloji faktorlar və islami yanaşma

Tibbi müdaxilələri etik dəyər və normalarla əsaslandırma təşəbbüslərinin kökləri tarixin dərin qatlarına qədər uzanır. İlk dövrlərdə daha bəsit münasibətləri əhatə edən bu dəyərlər sistemi XX əsrdə geniş vüsət alan elmi-texnoloji kəşflər və cəmiyyətlərin sosial-mədəni strukturundakı dəyişikliklərlə birlikdə mürəkkəbləşmişdir. Bəşəriyyətin əldə etdiyi nailiyyətlər tibb elmi ilə etika arasındakı qarşılıqlı əlaqəni intensivləşdirmişdir. Biologiya və genetika sahələrində bütün canlılardan eksperiment kimi istifadə edilməsindəki artış bir çox əxlaqi problemin ortaya çıxmasına səbəb olmuşdur. İnsanın həyat və ölüm çərçivəsindəki mövcudluğuna müxtəlif aspektlərdən yanaşan bu problemlərin mürəkkəb mahiyyəti yeni bir elm sahəsi olan bioetikanın formalaşmasına şərait yaratmışdır. Lakin bioetika ilə bağlı dilemmaların həllinə istiqamətlənmiş hüquqi-əxlaqi konsepsiyaların bütün ölkələrdə eyni rakursa sahib olduğunu demək çətindir. Bunun səbəbi həyat və ölümlə bağlı əxlaqi məsələlərə fokuslanan yanaşma tərzlərinin ölkələr və mədəniyyətlərə görə fərqlənməsidir. Qərbdə bu məsələlərlə bioetika elmi, Şərqdə isə daha çox din və ənənə məşğul olmuşdur. Daha dəqiq desək, İslam ölkələrində sözügedən dilemmalara münasibətin mərkəzi fiquru bioetika elmi deyil, fiqhdir. Buna görə də bioetikanın tədqiqat mövzusunu təşkil edən dilemmalar və müasir nəzəriyyələrə əsaslanan əxlaqi problemlərə daha çox fiqhi bir məsələ olaraq baxılmış və dərin əxlaq mübahisələrinə yol verilmədən fiqh üsulu müstəvisində çıxış yolları təqdim edilmişdir. 
İslamın bioetikaya baxışını tədqiq edən Qərb alimləri İslam hüququnun müvafiq əxlaqi dilemmalara tək-tək münasibət göstərərək çıxış yolları axtardığını və ümumi konsepsiya ilə çıxış etmədiyini iddia edirlər. Onlar İslam hüququndan ayrı, müstəqil bir islami bioetika elminin yaranmadığını  vurğulayır və ümumi konsepsiyanın əksik olduğunu izah etməyə çalışırlar.  Halbuki İslam hüququ cari məsələlərin həllinə istiqamətlənmiş sistemli bir metodologiyaya sahib olduğu üçün bioetika problemlərinə dair yeni bir konsepsiyanın hazırlanmasına ehtiyac duyulmamışdır.  İslam alimlərinin bu qənaəti hüquqi və əxlaqi mövqeni ifadə etməkdədir.